“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Heç də asan oyun olmadı. İntizamlı və istəkli komandaya qarşı oynadıq. Ciddi hazırlaşmışdılar. Müdafiədə çox diqqətli və kompakt oynayırdılar. Daha yaxşı çıxış edə bilərdik.
Ölkə kubokunun 1/4 final mərhələsində bu rəqib üzərində 6:0 hesablı qələbə komandamı aldatmamalı idi. Bu komanda hər zaman bizə qarşı ciddi hazırlaşır. Çempionatın ilk matçında da burada bərabərə qalmışdıq. Komandada xeyli dəyişiklik etmişdim. Futbolçular çox əziyyət çəkdilər. Bu oyun göstərdi ki, qarşıdakı matçlarda daha diqqətlı olmalıyıq”.
Qurbanov hər bir futbolçuya şans yaratmağa çalışdıqlarını vurğulayıb: “Bunun üçün birlikdə daha çox oynamalı və formada olmalıdırlar. Gənclərin də hər oyunda forma şansı qazanması özlərindən asılıdır”.
Qurban Qurbanov qapıçı Emil Balayevin karyerasını Qazaxıstanın “Turan” klubunda davam etdirəcəyi barədə xəbərlərə də münasibət bildirib. 50 yaşlı mütəxəssis bildirib ki, belə bir ehtimal var: “Sabah günorta saatlarında bilinəcək”.
“Sonluğu gətirə bilmədik”
“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov isə bunları söyləyib: “Qarabağ”a qarşı oynamaq çətindir. Komandada ruh düşkünlüyü olmaması üçün futbolçularla söhbət etmişdim. Rəqib çox güclüdür. Amma ilk saniyədən sonadək intizamlı və məsuliyyətli oynadıq. Qol epizodlarımız da oldu. Əsad odur, komandada ruh düşkünlüyü olmasın. İnanıram ki, hər şey yaxşı olacaq”.
Qurbanov hücumçuların zəif çıxış etmədiyini söyləyib: “Futbolçulara demişdim ki, daha yaradıcı olmalıyıq. Bunu da bacardılar. Sadəcə, sonluğu gətirə bilmədik. Bunun üstümüzdə stress yaratmasını istəmirəm. Əlimizə düşən imkanları qola çevirməliyik”.
Qurbanov Natan Oduvanın çıxışını da dəyərləndirib: “O, il yarım futbolsuz qalmış adamdır. Amma potensialına inanıb almışıq. Oyun praktikası baxımından əziyyət çəkir. Heyətimiz geniş olsaydı, Oduvaya yavaş-yavaş şans verərdik. Mənə elə gəlir ki, qollar vuracaq və daha yaxşı olacaq”.
Baş məşqçi Şəhriyar Əliyevdən çox şey gözlədiyini vurğulayıb: “Matçdan öncə ona dedim ki, bu gün meydanda lider kimi sırf sən danışacaqsan. Özünü əsl kapitan kimi apardı və verilən tapşırıqları yerinə yetirdi. Ona görə də matçdan sonra futbolçunu təbrik etdim”.


