Rəşad Sadıqov: “Bakıda daha istəkli “Osiyek” gözləyirəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqası 3-cü təsnifat mərhələsində “Osiyek”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Xorvatiya və Azərbaycan təmsilçiləri arasında Osiyekdə keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib.

Qarşılaşmadan sonra “qartallar”ın baş məşqçisi bunları söyləyib:

“Birinci hissədə meydanda daha çox taktiki savaşın şahidi olduq. Rəqib daha çox standart vəziyyətlərdə təhlükəli olurdu. Bizim bir neçə təhlükəli hücumumuz var idi, fərqlənə bilərdik. Sonra müdafiədən çıxarkən top itkisinə yol verdik. Rəqib dərhal bundan istifadə etdi və hesabda önə keçdi. İkinci hissədə meydanda üstün olan tərəf biz idik. Hesabı bərabərləşdirməyə çalışırdıq. Müəyyən məqamlarda dəqiqlik çatmırdı, bəzən bu, çətin olurdu. Rəqibin səviyyəsini nəzərə almaq lazımdır. Bu gün məğlub olsaydıq belə, hər şey ikinci oyunda həll olunacaqdı. Hər iki komanda sıfırdan başlamalıdır. Bir həftə sonra bizi çox maraqlı oyun gözləyir.

Rəqib istedadlı futbolçulardan ibarət komandadır. Gənc, istəkli, yaxşı məşqçiləri var. Onun səviyyəsini bu gün hiss edirdik. Rəqibdən nə gözləyirdiksə, onu meydanda gördük.

Azərbaycan futbol camiəsində illərdir belə fikir formalaşıb: hansısa klubumuz uğurlu çıxış edirsə, dərhal deyirlər ki, bu rəqibə qarşı oynamaq olar. Ümumən müasir futbolda hər komandaya qarşı oynamaq olar. Amma bu gün vacib olan o idi ki, ikinci hissədə biz oyunu bərabərləşdirə bildik və rəqib üzərində bir az da olsa, üstünlük yaratdıq. Futbolçular məğlub olmaq istəmirdilər. “Osiyek” çox yaxşı komandadır. Artıq belə təcrübə yaşamışıq. İkinci oyunda Bakıda daha istəkli “Şerif” gördük. İstərdim ki, bu məsələyə daha təcrübəli yanaşaq”.

Rəşad Sadıqov cavab matçından öncə çempionat oyununa köklənmək lazım olduğunu vurğulayıb:

“İndi daha çox çempionatımızda “Sabah”la oyunu düşünməliyik. Sonra “Osiyek”lə oyuna hazırlığa başlayacağıq. Cavab matçında bundan daha istəkli, daha güclü “Osiyek” gözləyirəm. Biz də eyni qarşılıq verəcəyik. Bu gündən daha yaxşı olmaq istəyirik. Azarkeşlər üçün çox maraqlı oyun olacaq”.

“Bir səhv nəticəsində qələbədən olduq” – Koppitelli

“Osiyek”in baş məşqçisi Federiko Koppitelli də qarşılaşmadan sonra düşüncələrini paylaşıb. İtaliyalı mütəxəssis ilk oyunu belə şərh edib:

“Bir səhv nəticəsində qələbədən olduq. Öz oyun üslubumuzu qoruduq. Rəqibə ciddi şans vermədik, onların hücumçularını zərərsizləşdirə bilmişdik. Biz səhvlər nəticəsində inkişaf edəcəyik. Sona yaxın bəzi futbolçularımız yoruldu. Son anda qələbəni əldən verdik. Əgər oyun ərzində məndən “Zirə” qol vuracaq?” soruşsaydılar, yox cavabını verərdim”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: