Rəşad Sadıqov: “Osiyek”lə cavab matçı üçün narahat deyiləm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Osiyek”ə qarşı cavab oyunundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya təmsilçiləri arasındakı ilk qarşılaşmada “Zirə” səfərdən heç-heçə ilə qayıtmağa nail olub – 1:1.

Bu komandaların cavab görüşü sabah Bakıdakı “Dalğa Arena”da baş tutacaq. “Qartallar”ın çalışdırıcısı cavab matçından öncə keçirilən mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Sabahkı matçlarda “Sabah”a və özümüzə uğurlar arzulayıram. Allah qoysa, hər iki komanda mərhələni keçər. İlk dəfə üç klubumuz pley-offa vəsiqə uğrunda mübarizə aparır. Oyundan öncə danışmaq çətindir. Hamı bilir ki, önəmli matça çıxacağıq. Hamımız oyunun əhəmiyyətini yaxşı dərk edirik. Gərgin qarşılaşma olacaq. Hər iki komanda üstünlük əldə edib, mərhələni keçməyə çalışacaq. İki komandanın da yetərincə usta, ambisiyalı futbolçuları var ki, nəticə üçün çalışacaqlar. Necə olacaq, onu zaman göstərəcək. Məni məyus edən tərəf meydançanın yaxşı durumda olmamasıdır. Bunu əvvəlki oyunlarda da hiss etmişdik. Mətbuat konfransından əvvəl meydançaya baxdım. Bir az da pisləşib. Bu, hər iki komandanın futbolçuları üçün texnikalı oyuna mane ola bilər. Şərtlər iki komanda üçün də eynidir. Hər şeyi edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun.

“Şerif” və “Dunayska Streda” ilə ilk oyunlardan sonra narahatlıq var idi. Amma indi yoxdur. Səfər qolu qüvvədə olsaydı, indi də olardı. Lakin səfər qolunun üstünlüyü yoxdur. “Osiyek”lə görüşdə də çox diqqətli olmalıyıq. Onlar bizim səhvimizdən istifadə edə bilər, biz də onların. Bu dəfə narahat deyiləm. Hiss edirəm ki, bizi necə oyun gözlədiyini futbolçular da bilir”.

“Növbəti mövsümdə də avrokuboklarda çıxış etmək istəyirik”

Rəşad Sadıqov yeni mövsümdəki hədəfləri barədə suala belə cavab verib:

“Mövsüm hələ yeni başlayıb. Hədəflərdən danışmaq erkəndir. Klub olaraq qarşımıza ən azından bir mərəhələ keçmək hədəfi qoymuşduq. Amma hazırda o haqda düşünmürük. Çalışırıq ki, qarşıdakı oyunu düşünək. Başa düşürük ki, sabahkı oyun bizim üçün çox önəmlidir. Klub rəhbərliyi, futbolçular və məşqçilər üçün də önəmlidir. Qarşımızda çox təcrübəli komanda var. Çempionatda da klub rəhbərliyi qarşımıza xüsusi tapşırıq qoymur. Həmişə tələb edir ki, komanda inkişaf etsin, əzmkar kollektiv olsun. Bu gün də qarşımızda xüsusi məqsəd yoxdur. Amma növbəti mövsümdə də avrokuboklarda çıxış etmək istəyirik. Uğurlu başlamışıq. Amma klubların iddiasını görürük. Çempionluğa əsas namizəd “Qarabağ”dır. “Neftçi” və “Sabah” da onlara rəqibdir. 5-6 komanda dördlük uğrunda amansız mübarizə aparacaq. Bunu ilk turdan da hiss etmək olur. “Sabah” da iddiasını ortaya qoyub. “Turan Tovuz” da yaxşı oynayır. Məncə, keçənilki liqanın davamı olacaq. Proqnoz vermək çətin olacaq. Kimsə ikinci də ola bilər, 6-cı da”.

“Evdə oynamağımız bizim üçün əlavə üstünlükdür”

“Zirə”nin futbolçusu Pyer Zebli də cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. İtaliyalı yarımmüdafiəçi bunları dilə gətirib:

“Çətin oyun olacağını bilirik. Vacib matçdır. Məşqçimizin tapşırıqlarını yerinə yetirsək, oyunun gedişini asanlaşdıra bilərik. Yalnız qələbəyə köklənmişik. “Osiyek” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Ev oyunu olması bizim üçün əlavə üstünlükdür”.

“Zirə”nin güclü komanda olduğunu bilirik”

“Osiyek”in baş məşqçisi Federiko Koppitelli də bu gün Bakıda jurnalistlər önünə çıxıb. İtaliyalı mütəxəssis bunları söyləyib:

“İlk oyunda “Zirə”nin şansları yox idi. Bu da bizim müdafiə strategiyamızın işləməsi ilə əlaqədar idi. Amma bütövlükdə “Zirə”nin güclü komanda olduğunu bilirik. İstənilən meydançaya öyrəşməliyik. Bizim meydança ilə bunun arasında fərq var. Çox da incələyə bilməmişik. Uyğunlaşmağa çalışacağıq.

Əlavə vaxta və penaltilərə hazırıq. Baxmayaraq ki, əlavə vaxt və penaltilər seriyasının olması ehtimaldır. Olarsa, ona uyğun çıxış edərik”.

Koppitetlli komandasının erməni futbolçusu Styopa Mkrtçyanın Bakıya gəlməməsinə də münasibət bildirib: “Onun olmaması bizim üçün böyük itkidir. Sabahkı oyunda iştirak etməməsinin səbəbi isə zədə, cəza deyil”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: