“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Osiyek”ə qarşı keçirdikləri cavab matçını şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Xorvatiya təmsilçilərinin mübarizəsindən qalib ayrılan tərəf “Zirə” olub (1:1, 2:2, penaltilər – 2:1).
Bakıdakı cavab görüşündən sonra “qartallar”ın çalışdırıcısı komandasının tarixi uğuruna belə şərh verib:
“Çox gərgin oyun oldu. Gözlədiyimizdən də gərgin keçdi. Bu mərhələdə elə-belə rəqiblər, oyunlar olmur. Şükürlər olsun. Məni sevindirən odur ki, oyunçular gərginliyə dözdülər. Onları təbrik edirəm, onlarla fəxr edirəm. Öpüb-bağrıma basıram. Futbol camiəmizi təbrik edirəm.
Penaltilər seriyasından öncə Tyaqo Silva ilə nə danışırdım? Onu tənqid etdim. “Şerif”lə oyundan sonra ona heç nə deməmişdim. Ehtiyac olmasaydı, deməyəcəkdim. Tənqid etdim ki, aqressivləşsin. Dedim, özünü göstərməlisən. O da 5 penaltidən 4-nü çıxardı. Asan məsələ deyil. Bunun öhdəsindən gəldi. Böyük ustalıq göstərdi”.
Rəşad Sadıqov pley-offda qarşılaşacaqları Kipr təmsilçisi “Omoniya” barədə də söz açıb:
“Hamı qrup mərhələsinə düşmək istəyir. “Omoniya” haqda heç bir məlumatım yoxdur. “Fehervar”la oyunlarda daha üstün olublar. “Fehervar” da bizə tanış rəqibdir. Onları udublarsa, bu, “Omoniya”nın gücünü göstərir. Seçim imkanı olsaydı, digəri ilə düşmək istərdim. Onlar avrokuboklarda təcrübəlidir. Hələ ki, bu haqda danışmaq tezdir. Çempionat oyunu olmasa, sabahdan “Omoniya” haqda düşünəcəyik. Bu gün 90 dəqiqə oynasaydıq, qarşıdakı çempionat matçını qəti şəkildə təxirə salmayacaqdıq. Amma 120 dəqiqə olub. Həkimlərlə, məşqçi heyəti ilə toplantı keçirib, qərar verəcəyik. Ən yaxşısını edəcəyik ki, qruplara düşək”.
“Bəxtimiz gətirmədi” – Federiko Koppitelli
“Osiyek”in baş məşqçisi Federiko Koppitelli isə komandasının Konfrans Liqasında mübarizəni dayandırmasına belə şərh verib:
“Zirə” çox yaxşı komandadır. Onlar Avropa Liqasından bura gəlmişdilər. Birinci səbəb budur. İlk oyunda son dəqiqədə buraxdığımız qol gedişata uyğun deyildi. Bu gün isə hesabda 2:1 irəlidə olduğumuz vaxt komandamız bir az sadəlövh oynadı. Ona görə rəqib hesabı bərabərləşdirdi. Beş penaltidən cəmi birini vurduq. Bizim bəxtimiz gətirmədi. Heyətlə bağlı itkilər də sözünü dedi. Zədəlilərimiz vardı. Yay transfer pəncərəsində kifayət qədər oyunçu ala bilmədik. 15-16 oyunçumuz var. Hər bir futbolçuya təşəkkür edirəm. Xüsusilə də, müdafiəçilərimiz yarımmüdafiəçi kimi çıxış etdilər. “Zirə”ni bazar günü izləmişdim. Başqa heyətlə oynamışdılar. Onlarda 6 oyunçu fərqi var idi, bizdə isə eyni heyət idi. Yorğunluq özünü göstərdi. Rəqib komanda çox yaxşı çıxış etdi. Ona görə də mərhələ keçdi. Hakimliyi məğlubiyyətə səbəb kimi göstərmək istəməzdim. O, öz işini görürdü, biz də. Sadəcə, oxşar epizodları fərqli dəyərləndirirdi”.


