Rafinya Braziliya millisinin oyununda zədələndi

Futbol üzrə Braziliya millisinin və “Barselona”nın hücumçusu Rafinya Avstraliya yığmasına qarşı keçirdikləri yoxlama görüşündə zədələnib.

Arena.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano Braziliya Futbol Konfederasiyasına (CBF) istinadən məlumat yayıb.

29 yaşlı futbolçu əzələ narahatlığı səbəbindən qarşılaşmanın fasiləsində əvəzlənib. Rafinya ilk hissənin əlavə vaxtında penaltini dəqiq yerinə yetirərək hesabı 2:2-yə çatdırıb.

Brisbendə keçirilən matç başa çatdıqdan sonra CBF futbolçunun vəziyyəti ilə bağlı əlavə məlumat təqdim edəcək.

Rafinya 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, cari mövsümdə Kataloniya klubunun heyətində bütün turnirlərdə keçirdiyi 8 oyunda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı hücumçu 12 qolla hazırda İspaniya çempionatının bombardirlər siyahısına başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: