Rahil Məmmədov LKS-lə 3-cü qələbəsinə sevindi – Video

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 28-ci turu çərçivəsində baş tutmuş “Radomiak Radom”la oyunun iştirakçısı olub.

LKS doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:2. Lodz təmsilçisi ilk hissədə hesabı açdığı bu oyununda fasilədən sonra daha 2 qol vurub. Qonaq komandanın gücü yalnız hesab arasındakı fərqi azaltmağa çatıb.

Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 5-ci qələbəsidir. Lodz klubu bu mövsüm 5 qələbə qazanıb, 6 heç-heçə edib və 17 oyunda məğlub olub.

Rahil “Radomiak Radom”la oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb. O, 10-cu dəqiqədə sarı vərəqə də alıb.

LKS 28 matçdan sonra 21 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb. Halbuki, Lodz təmsilçisi uzun müddət idi sonuncu idi. Amma son turlardakı uğurlu nəticələr sayəsində komanda “zirzəmi”dən çıxa bilib. Komandanın elitada qalıb-qalmayacağı isə növbəti oyunlardakı nəticələrindən asılı olacaq.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 10 rəsmi oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: