Rahil Məmmədov “Qarabağ”ı Polşa klubuna dəyişir

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov karyerasını Polşada davam etdirəcək.

Arena.az Polşa mətbuarına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu LKS (Lodz) klubu ilə razılığa gəlib.

Keçidin tezliklə açıqlanacağı vurğulanıb. Xəbərdə bildirilir ki, Məmmədov yeni klubuna yanvarın 20-də qoşulacaq. O, həmin gün Türkiyəyə yollanacaq. Müdafiəçi Side bölgəsində təlim-məşq toplanışı keçəcək yüksək liqa təmsilçisinin heyətində mövsümün ikinci yarısına hazırlaşacaq. Lodz klubu orada 4 yoxlama matçında qüvvəsini sınayacaq.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bu məlumatı təsdiq edib. Onun sözlərinə görə, məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq, 28 yaşlı müdafiəçiyə getməklə bağlı icazə verib:

“Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, “Qarabağ” icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə icazə verdi. Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Proses uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq.

“Qarabağ” hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir. Bildiyiniz kimi, qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç birinin buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçi Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik də etiraz etmədi”.

Xatırladaq ki, “Neftçi”nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ilin yayından Ağdam klubunda çıxış edir. O, “Qarabağ”ın heyətində 81 oyuna çxııb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. 2022-ci ildə “Zirə”də icarədə oynamış Rahil, daha əvvəl “Neftçi” və “Səbail”in şərəfini qoruyub.

Müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 15 oyuna çıxıb.

Sonda onu da qeyd edək ki, LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: