Rahil Məmmədov rəsmən Polşa klubunda!

Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov bundan sonrakı karyerasını Polşada davam etdirəcək.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu LKS (Lodz) klubuna keçib.

Bu barədə Ekstraklasa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Azərbaycanlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.

Yeri gəlmişkən, “Qarabağ” da Məmmədovun ayrılığı ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bunlar qeyd olunub:

“Qarabağ” futbolçusu Rahil Məmmədovla yollarını ayırıb. 28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Futbolçu karyerasını Polşanın LKS klubunda davam etdirəcək. Klubumuz Rahil Məmmədova “Qarabağ” formasında keçirdiyi oyunlara görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır”.

Məmmədov artıq Türkiyəyə yollanıb. Müdafiəçi Side bölgəsində təlim-məşq toplanışı keçən yüksək liqa təmsilçisinin heyətində mövsümün ikinci yarısına hazırlaşacaq. Lodz klubu Türkiyədə 4 yoxlama matçında qüvvəsini sınayacaq.

Xatırladaq ki, “Neftçi”nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ilin yayından Ağdam klubunda çıxış edirdi. O, “Qarabağ”ın heyətində 81 oyuna çxııb, 2 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub. 2022-ci ildə “Zirə”də icarədə oynamış Rahil, daha əvvəl “Neftçi” və “Səbail”in şərəfini qoruyub.

Təcrübəli müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 15 oyuna çıxıb.

Sonda onu da qeyd edək ki, LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: