Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Polşa Ekstraklasasında mübarizə aparan komanda bir neçə gün öncə bu ölkənin digər klubu “Motor”a keçmiş Renat Dadaşova, eləcə də Rahilə xidmətləri üçün təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Xatırladaq ki, Rahil Məmmədov 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılaraq “Radomyak”a keçmişdi. 29 yaşlı futbolçu həmin vaxt “Radomyak”la 2 illik müqaviləyə imza atmışdı. Lakin mövsümün ortalarından etibarən məşqçilər korpusu ilə münasibətləri korlanmış futbolçu əsas komandadan kənarlaşdırılmışdı. Bu üzdən də onun bu yay Radom klubunu tərk edəcəyi gözlənilən idi. Rahil bu komandanın heyətində cəmi 14 oyun keçirib.
Yeri gəlmişkən qeyd edək ki, Rahilin bundan sonra Azərbaycan Premyer Liqasında çıxış etməsi gözlənilir. Onun “Turan Tovuz”a keçidi gündəmdədir. Böyük ehtimalla Tovuz klubu tezliklə bu transferi rəsmən elan edəcək.
Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb.


