Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, alma mütəxəssis oyun ərəfəsində bu gün Avstriyada təşkil olunmuş mətbuat konfransında qrupu birinci pillədə başa vurmaq arzusunda olduqlarını bildirib:
“İntensiv məşq edirik, matça hazırlaşırıq, öz üzərimizdə işləyirik. Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Futbolçular iki gün əvvəl oyun keçirsələr də, komandada ab-hava yaxşıdır. Çətin təqvimimiz var. Lakin buna hazırıq. Bakıdakı görüşdə həm qalib gələ, həm də məğlub ola bilərik. Amma Azərbaycanla matçda nəyə qadir olduğumuzu göstərməliyik. Əsas odur ki, oyunçular ruhdan düşmürlər. Komandada yaxşı ab-hava var”.
Ralf Ranqnik Azərbaycan yığması barədə də fikirlərini bölüşüb:
“Azərbaycan millisi ilə əvvəllər çox da oynamamışıq. Ona görə də onların gücünü elə də yaxşı bilmirik. Amma nəzərə alaq ki, son iki matçda İordaniya və Estoniyanı udublar. Demək ki, Azərbaycan millisi də inkişaf edib, sabah nəyə qadir olduqlarını görəcəyik. Matçdan sonrakı konfransda onların gücü haqda daha konkret nəsə deyə biləcəyəm”.
Xatırladaq ki, millimiz yer aldığı F qrupundakı ilk matçını səfərdə məhz Avstriya yığmasına qarşı keçirmiş və 1:4 hesabıyla uduzmuşdu. Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Avstriya yığması 13 xalla F qrupunda 2-ci pillədə qərarlaşıb. Azərbaycan yığması isə 4 xalla 4-cüdür.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Avstriya matçına saat 20:00-da start veriləcək.


