Ramil Şeydayev Asiya Çempionlar Liqasında debüt etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının 2023/2024 mövsümünün qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutan Çinin “Qrintaun” komandası ilə matçın iştirakçısı olub.

“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb və 4:1 hesablı qələbəyə sevinib.

Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 73-cü dəqiqədə əvəzlənib. Ramil bu oyunda məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Bu nəticədən sonra 3 xala malik “Buriram Yunayted” yer aldığı H qrupunda liderdir.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 6 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: