Ramil Şeydayev Asiya Çempionlar Liqasında məğlubiyyətə üzüldü

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutan Yaponiyanın “Kofu” komandası ilə matçın iştirakçısı olub.

“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb və 0:1 hesablı məğlubiyyətə üzülüb.

Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 90+1-ci dəqiqədə əvəzlənib. Ramil bu oyunda məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Bu nəticədən sonra 3 xala malik “Buriram Yunayted” yer aldığı H qrupunda 3-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası ilk turda Çinin “Qrintaun” komandasına 4:1 hesabıyla qalib gəlmişdi.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 8 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: