Ramil Şeydayev KAMAZ-a qarşı 23 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyanın “Şoçi” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Birinci Liqanın 2026/2027-ci illər mövsümünün 8-ci turu çərçivəsində KAMAZ-la qarşılaşıb.

Səfərdə baş tutmuş görüş “Soçi”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ramil bu matçın 67-ci dəqiqəsində meydana buraxılıb.

“Soçi” 8 turdan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb. Sözügedən komanda bu oyunlarda 5 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Ramil bu görüşlərdən 3-də iştirak edib.

Son olaraq Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş Şeydayev “Soçi”yə bu yay azad agent kimi qoşulub. Tərəflər arasında bağlanmış sözləşmə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Ramil yeni komandasında 7 nömrəli forma ilə çıxış edir.

Ramil Şeydayev karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

30 yaşlı hücumçu Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: