Ramil Şeydayev “Melburn Siti” üzərində qələbəyə sevindi – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan Avstraliyanın “Melburn Siti” komandası ilə matçın iştirakçısı olub.

“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib. Tailan təmsilçisi Qoran Kausiçin 86-cı dəqiqədə penaltidən vurduğu yeganə qol sayəsində vacib 3 xal qazanıb. Halbuki, bu komandalar arasında Tailandda baş tutan ilk oyunda “Buriram Yunayted” 0:2 hesablı məğlubiyyətə üzülmüşdü.

Ramil Avstraliyadakı oyunun 61-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı hücumçu bu oyunda məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Hazırda 6 xala malik “Buriram Yunayted” yer aldığı H qrupunda 3-cü pillədə qərarlaşıb. Futbolçumuzun komandası ilk turda Çinin “Qrintaun” komandasına 4:1 hesabıyla qalib gəlmiş, ardından Yaponiya təmsilçisi “Kofu”ya 0:1 uduzmuşdu.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 12 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: