Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, ölkəmizin ən yaxşı futbolçularından biri sayılan Şeydayev artıq “Neftçi” ailəsinin üzvüdür. Milli komandamızın ən yaxşı üçüncü bombardiri olan Şeydayevlə 3 illik müqavilə bağlanıb. 28 yaşlı hücumçu yeni komandasında 90 nömrəli formanı geyinəcək.
Rusiyanın “Zenit” (Sankt-Peterburq) akademiyasının yetirməsi olan Şeydayev Rusiya, Türkiyə, Slovakiya, Azərbaycan və Tailand klublarında çıxış edib.
Xatırladaq ki, Ramil Şeydayevin son iş yeri Türkiyənin “Kocaelispor” komandası olub. O, TFF 1-ci Liqa təmsilçisinə bu il yanvarın 17-də Tailandın “Buriram Yunayted” klubundan 800 min avro qarşılığında transfer olmuşdu. Ramilin Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Lakin o, sözügedən klubdan qarşılıqlı razılıq əsasında ayrılıb. Millimizin üzvü Kocaeli təmsilçisində 16 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb.
Şeydayev 2016-2018-ci illər aralığında Türkiyədə “Trabzonspor”un da formasını geyinmişdi. Amma onun bu klubdakı karyerası da uğurlu alınmamışdı.
Şeydayev karyerası ərzində “Qarabağ”, “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Rubin”, “Zenit”, “Buriram Yunayted” kimi klubların formasını geyinib. O, Azərbaycan milli komandasında da 63 oyuna çıxıb, 10 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.
Ramil Şeydayev daha öncə “Qarabağ”la Azərbaycan çempionatının üçqat qalibi və bombardiri olub, ölkə kubokunu da başı üzərinə qaldırıb. Rusiya və Slovakiya çempionluğunu da qazanmış hücumçu Rusiya milli komandası ilə 17 yaşlılar arasında Avropa çempionatının qalibi, 19 yaşlılar arasında isə finalçısı olub.


