Ramil Şeydayev oynadı, uduzdu, sonda döyüldü – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutan Çinin “Qrintaun” komandası ilə matçın iştirakçısı olub.

“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb. Taildan təmsilçibi bu görüşdə 2:3 hesablı məğlubiyyətə üzülüb.

Ramil bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Azərbaycanlı hücumçu bu oyunda məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Qarşılaşmadan sonra iki komandanın futbolçuları arasında kütləvi dava düşüb. Hadisələrin mərkəzində olanlardan biri də Şeydayev olub. O, əvvəlcə dava düşdüyünü görərək rəqib komandanın üzvlərindən birinin boğazından yapışıb. Bu zaman meydan sahiblərinin üzvləri kütləvi şəkildə Ramilin üstünə düşüblər. O, yumruq və ayaq zərbələrindən sonra yerə yıxılıb. Təhlükəsizlik işçiləri dava-dalaşı çətinliklə yatırdıb.

5 turdan sonra 6 xala malik “Buriram Yunayted” yer aldığı H qrupunda 3-cü pillədə qərarlaşıb. Eyni xala malik “Qrintaun” qrup sonuncusudur. Yaponiya təmsilçisi “Kofu” və Avstraliyanın “Melburn Siti” komandası isə 8 xal toplayıblar.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 13 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.