Ramil Şeydayev oynamadı, komandası 1/8 finala yüksəldi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv Tailand Kubokunun 1/16 final mərhələsi çərçivəsində “Uttaradit”lə qarşılaşıb.

“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb. Əsas vaxtı 1:1 hesabıyla başa çatan matçın əlavə vaxtında daha bir qol vuran Ramilin komandası bu oyundan qalib ayrılıb və 1/8 finala vəsiqə qazanıb – 2:1.

27 yaşlı azərbaycanlı hücumçu bu oyunun iştirakçısı olmayıb. Əvvəlki turlarda 1 qol vurub, 4 məhsuldar ötürmə etmiş Şeydayevin adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Əsas heyətin digər üzvləri kimi, o da bu oyunda istirahət edib.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 17 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: