Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 9-cu turu çərçivəsində baş tutan “Pathum Yunayted”lə matçın iştirakçısı olub.
“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb və qolsuz heç-heçəyə razılaşıb – 0:0.
Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu sonadək oynayıb. Əvvəlki turlarda 1 qol vurub, 3 məhsuldar ötürmə etmiş Ramil bu dəfə sadəcə, 82-ci dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.
Bu nəticədən sonra 16 xala malik “Buriram Yunayted” 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 11 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.


