Ramil Şeydayev rəsmən “Qarabağ”da!

“Sabah”la yolları ayrılan Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını “Qarabağ”da davam etdirəcək. Arena.az xəbər verir ki, artıq Ağdam klubunun rəsmi saytı bu transferi rəsmən açıqlayıb.

“Sabah”la müqaviləsinin müddəti ötən gün başa çatan futbolçu, “Qarabağ”a azad agent statusu ilə keçib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Ramil köhnə-yeni komandasında “77” nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Ramil Şeydayev 2017/18 mövsümündə də “Qarabağ”da çıxış edib. Lakin həmin vaxt o, Türkiyənin “Trabzonspor” klubundan icarəyə götürülmüşdü. Ramil o zaman Ağdam təmsilçisində 15 oyun keçirmiş və cəmi 1 qolla yadda qalmışdı.

Millimizin hücumçusu “Trabzonspor”, “Sabah” və “Qarabağ”la yanaşı, “Zenit, “Rubin”, “Jilina”, “Krılya Sovetov”, “Dinamo” (Moskva) komandalarında da forma geyinib.

Şeydayev 2020-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, bu komandada keçirdiyi 29 oyunda 6 qola imza atıb.

“Qarabağ” Şeydayevdən əvvəl Portuqaliyanın “Vilafrankense” klubundan yarımmüdafiəçi Kadi Malinovskini transfer etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: