Ramil Şeydayev “Soçi”də debüt etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyanın “Şoçi” komandasının heyətində ilk rəsmi oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün Birinci Liqanın 2026/2027-ci illər mövsümünün 6-cı turu çərçivəsində “Ulyanovsk”la qarşılaşıb.

Doğma meydanda baş tutmuş görüş “Soçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ramil bu matçın 60-cı dəqiqəsində meydana buraxılmaqla yeni komandasının heyətində debütünü rəsmiləşdirib.

“Soçi” 6 turdan sonra 10 xalla 5-ci pillədə qərarlaşıb.

Son olaraq Azərbaycanda “Qarabağ”ın formasını geyinmiş Şeydayev “Soçi”yə bu yay azad agent kimi qoşulub. Tərəflər arasında bağlanmış sözləşmə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Ramil yeni komandasında 7 nömrəli forma ilə çıxış edir.

Ramil Şeydayev karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

30 yaşlı hücumçu Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vurub, 4 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: