Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 4-cü turu çərçivəsində baş tutan “Trat”la matçın iştirakçısı olub.
“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb və 4:0 hesablı qələbəyə sevinib.
Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 77-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurmuş Ramil bu dəfə 2 məhsuldar ötürmə müəllifi olub. O, 15-ci dəqiqədə vurulan ilk və 57-ci dəqiqədə imza atdıqları son qolda assistlə diqqət mərkəzinə düşüb.
Bu nəticədən sonra 10 xala malik “Buriram Yunayted” 16 komanda arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 5 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


