Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 3-cü turu çərçivəsində baş tutan “Sukhotai” ilə matçın iştirakçısı olub.
“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb və 1:0 hesablı qələbəyə sevinib.
Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu sonadək oynayıb. Əvvəlki turlarda 1 qol vurmuş Ramil bu dəfə fərqlənə bilməyib.
Bu nəticədən sonra 7 xala malik “Buriram Yunayted” 16 komanda arasında 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də kubokun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb.


