Ramil Şeydayev üçün ikiqat yubiley

Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu “Qarabağ”ın hücumçusu Ramil Şeydayev üçün əlamətdar olub. Arena.az xəbər verir ki, “Turan Tovuz”la ev matçı hücumçunun Ağdam klubunun heyətində çıxdığı 50-ci çempionat oyunu kimi yadda qalıb.

Bu komandada 2017/18 mövsümündə debüt edən Ramil 15 oyun keçirib. “Qarabağ”a qayıtdıqdan sonra ötən çempionat daha 25 dəfə meydana çıxan forvard cari mövsüm komandasının 10 görüşündə forma geyinib. Şeydayev Ağdam klubunda Premyer Liqada keçirdiyi 50 matçda 18 qol vurub.

“Turan Tovuz” üzərindəki böyükhesablı qələbədə (3:0) bir topla pay sahibi olan hücumçu Ağdam klubunda ümumilikdə 25-ci dəfə fərqlənib. Ölkə kubokunda 4, avrokuboklarda 3 dəfə qol sevinci yaşayan Ramil Şeydayev çempionatda 18-ci dəfə rəqib qapısına yol taparaq “Qarabağ”dakı ümumi qol sayını 25-ə yüksəldib.

Yeri gəlmişkən, “Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib. Seriya yubiley həddinə “Turan Tovuz”la ounda çatıb. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan “Qarabağ” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmamaqla başa vurub.

Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: