Ramil Şeydayev və Musa Qurbanlı üçün yubiley qolu

Azərbaycan çempionu “Qarabağ”ın iki futbolçusu – Ramil Şeydayev ilə Musa Qurbanlı yubiley qolunu vurub. Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 19-cu turuna təsadüf edib.

“Turan Tovuz”la görüşdə hesabı açan Musa Qurbanlı Ağdam klubunun formasında 25-ci dəfə fərqlənib. 21 yaşlı hücumçu Premyer Liqada 22, Azərbaycan kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb.

Bu matç həm də Qurbanlının “Qarabağ”da yubiley görüşü olub. 50-ci dəfə meydana çıxan forvard çempionatda 36, kubokda 5, avrokuboklarda 9 dəfə şans qazanıb.

“Turan Tovuz”la görüşdə ağdamlıların ikinci qoluna imza atan Ramil Şeydayev isə komandasında 30-cu dəfə fərqlənib. O, Premyer Liqada 23, kubokda 4, avrokubokda 3 dəfə qol sevinci yaşayıb.

Xatırladaq ki, “Qarabağ” “Turan Tovuz” ilə səfər qarşılaşmasında 3:2 hesablı qələbə qazanıb. Ağdam təmsilçisi hazırda 53 xalla Premyer Liqada vahid liderdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: