Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 5-ci turu çərçivəsində baş tutan “Polis Pero” ilə matçın iştirakçısı olub.
“Buriram Yunayted” bu rəqiblə səfərdə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.
Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 82-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurub, 2 məhsuldar ötürmə etmiş Ramil bu dəfə də assist müəllifi olub. O, 57-ci dəqiqədə vurulan ikinci qol zamanı məhsuldar ötürməyə imza atıb. “Buriram Yunayted” Ramil əvəzləndikdən 4 dəqiqə sonra qapısında qol görsə də, qələbə hesabını qorumağı bacarıb.
Bu nəticədən sonra 13 xala malik “Buriram Yunayted” 16 komanda arasında zirvədə qərarlaşıb.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.


