Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv Tailand çempionatının 2023/2024 mövsümünün 10-cu turundan təxirə salınmış oyunda “Praçuap”la qarşılaşıb.
“Buriram Yunayted” səfərdə üz-üzə gəldiyi bu rəqibinə 2:1 hesabıyla qalib gəlib. İlk hissədə hesabı açan futbolçumuzun komandası fasilədən sonra daha bir qol vurub. Meydan sahiblərinin yalnız matçın sonunda penaltidən vurduqları təsəlli qoluna gücləri çatıb.
Şeydayev bu qarşılaşmanın iştirakçısı olmayıb. Cari mövsümdə 1 qol vurub, 4 məhsuldar ötürmə etmiş 27 yaşlı azərbaycanlı hücumçunun adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.
Hazırda 27 xala malik “Buriram Yunayted” 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 17 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.


