Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Tailandın “Buriram Yunayted” komandası növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Tailand çempionatının 2023/2024 mövsümünün 11-ci turu çərçivəsində “Ratburi” ilə qarşılaşıb.
“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb və qolsuz heç-heçəyə razılaşıb – 0:0. Bu, sözügedən komandanın ardıcıl dördüncü heç-heçəsidir.
Şeydayev bu matçın iştirakçısı olmayıb. Görünür millimizin düşərgəsindən yorğun qayıdan azərbaycanlı futbolçuya bu oyunda ehtiyac duyulmayıb. Əvvəlki turlarda 1 qol vurub, 3 məhsuldar ötürmə etmiş Ramilin adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.
Bu nəticədən sonra 17 xala malik “Buriram Yunayted” 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.
Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 12 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.


