İsrailin “Aşdod” komandasının baş məşqçisi Ran Ben Şimon Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Arena.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan və 0:0 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Komandamı, xüsusən də, müdafiəçilərimizi qeyd etmək istəyirəm. Yaxşı müdafiə olunduq. Hesab bizi qane edir. Cavab oyununda sıfırdan başlayacağıq. Keyfiyyətli komandaya qarşı oynadıq. Ümidimizi davam etdiririk. Təəssüf ki, meydançanın durumu çox pis idi. İsraildə meydançalar bundan daha yaxşıdır. Amma bu, tək bizim yox, hər iki komandanın oyununa təsir etdi.
Rəqibin Avstriyadakı yoxlama oyunlarını izləmişdik. “Qarabağ” bu gün topla yaxşı oynasa da, müdafiə xəttimizi yarmağa çətinlik çəkirdi. Cütün taleyi cavab matçında həll olunacaq. Bu gün müdafiə olunduq, cavab oyununda hər iki komanda hücum futbolu oynayacaq və tamam fərqli oyun görəcəyik. Yaxşı nəticə əldə edəcəyimizə ümid edirəm.
Oyundan sonra Qurban Qurbanovla niyə görüşmədim? Mən matçdan sonra futbolçulara tərəf getdim. Mətbuat konfransından sonra onunla görüşəcəyəm. Sadəcə, komandamı oyundan sonra təbrik etmək istəyirdim”.
Ran Ben Şimon, “Qarabağ” ev oyunlarını Ağdamda keçirsə, ora getməyə razı olardınızmı” sualına belə cavab verib: “Mən idmanı təmsil edirəm və sülhün tərəfdarıyam. İstəyərəm ki, “Qarabağ” doğma meydanda oynasın. İdmanı siyasətə qatmağı xoşlamıram”.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra İsraildə keçiriləcək.


