“Şamaxı” ilə icarə müqaviləsinin müddəti bu yay başa çatmış mərkəz yarımmüdafiəçisi Rauf Rüstəmli əyalət klubundan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb.
Əyalət klubu futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Xəbərdə o da qeyd olunub ki, Rüstəmli müqavilə ilə məxsus olduğu “Sabah” klubuna qayıdıb.
Xatırladaq ki, Rauf Rüstəmli 2024-cü ilin iyul ayından “Şamaxı”nın uğurları üçün çalışırdı. 21 yaşlı yarımmüdafiəçi bölgə təmsilçisinin heyətində 33 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Qəbələ”nin yetirməsi olan Rauf 2023-cü ilin yayında “Sabah”la müqavilə bağlayıb. Onun paytaxt təmsilçisi ilə sözləşməsi də iyunun 30-na qədərdir. Rüstəmli Azərbaycanın U-19 və U-21 yığmalarında da çıxış edib.
“Şamaxı” daha öncə Kamal Bayramov, Brahim Konate, Leroy Mikels, Vasili Bakiç, Vasili Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli və Murad Vəliyevlə də yollarını ayırmışdı. Əyalət klubu gedənlərin əvəzində Emil Süleymanov, Oruc Məmmədov və Həbib İsmayılovla güclənib. Rikardo Fernandes, Alfons Msanqa və Abdulla Seydəhmədovla da yeni müqavilə imzalanıb.


