Rayyan Baniya və Taksiarxis Funtas “Trabzonspor”da

“Trabzonspor” heyətini iki yeni futbolçu – italiyalı müdafiəçi Rayyan Baniya və yunan hücumçu Taksiarxis Funtasla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Fatih Karagümrük”dən transfer olunan Rayyan Baniyanın keçidi trabzonlulara 2,05 milyon avroya başa gəlib. İtaliya və Türkiyə vətəndaşlığına malik 24 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Mərkəz müdafiəçisi 2021-ci ildən formasını geyindiyi “Fatih Karagümrük”də 33 oyuna 2 qol da vurub. O, “Mantova”, “Verona”, “Renate” kimi klubların da formasını geyinib.

Taksiarxis Funtas isə ABŞ-ın “DS Yunayted” klubundan azad agent kimi “Trabzonspor”a keçib. 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Ötən ilin martından MLS klubunda forma geyinən Funtas Amerikada 38 oyuna 18 qol, 1 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Rapid” (Vyana), “Panionios”, AEK, “Asteras”, “Sankt Pölten”, “Sonnenhof”, “Qrödiq”, “Liferinq”, “Zalsburq” kimi klubların da formasını tərlədib.

“Trabzonspor” iki futbolçusu ilə də yollarını ayırıb. Yunanıstanlı dayaq yarımmüdafiəçisi Manolis Siopis “Trabzonspor”dan azad agent kimi ayrılaraq “Kardiff Siti”yə keçib. 29 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, Trabzon klubuna 2021-ci ildə “Alanyaspor”dan 1 milyon avro qarşılığında keçmişdi. Yunanıstan yığmasının üzvü “Trabzonspor”da 77 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

“Trabzonspor”un uruqvaylı hücumçusu Maksi Qomes isə icarə əsasında “Kadis”ə keçib. İspanlar 27 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüblər. Türkiyə klubuna ötən ilin sentyabrında “Valensiya”dan 3 milyon avro qarşılığında keçmiş forvard bu komandada 35 oyuna 7 qol vurub, 6 assistlə yadda qalıb. O, daha öncə “Selta” və “Defensor”un da formasını geyinib, Uruqvay yığmasında 31 oyuna 4 qol vurub.

“Kadis” “Amerika”nın (Meksika) müdafiəçisi Xorxe Mereni də icarəyə götürüb. 26 yaşlı ispan futbolçu mövsümün sonuna kimi icarədə olacaq.

“Kadis”də iki ayrılıq da qeydə alınıb. 27 yaşlı avstraliyalı yarımmüdafiəçi Aver Mabil “Qrasshopper”ə keçib. O, yeni klubu ilə 2+1 illik anlaşıb. Çilidən olan 24 yaşlı dayaq yarımmüdafiəçisi Tomas Alarkon isə icarə əsasında “Kartaxena”ya keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: