Region Liqasının qalibi oldu, İkinci Liqaya yüksəldi

Bu gün – mayın 24-də keçirilən final oyunu ilə AFFA Region Liqasının 2023/2024 mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan həlledici matçda “Şimal” və “Hypers” komandaları üz-üzə gəliblər.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. “Hypers”in heyətində 16-cı dəqiqədə Məhəmməd Alıyev, “Şimal”ın heyətində isə 74-cü dəqiqədə Rauf Məmmədov fərqlənib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Görüşün 120 dəqiqəsi bərabərliklə yekunlaşıb. Bu üzdən çempion komandanın adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Şimal” kollektivi 2023/2024 mövsümündə Region Liqasının qalibi adını qazanıb.

Qalib komanda çempionluqla yanaşı, yeni mövsümdən etibarən Azərbaycan İkinci Liqasında oynamaq hüququ əldə edib. Finalda məğlub olan “Hypers” komandası isə İkinci Liqanı 13-cü sırada tamamlamış “Şəfa” ilə pley-off matçına çıxacaq.

“Şimal” həm də növbəti mövsümdə UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək.

Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. 38 qol vuran “Mübariz” Futbol Akademiyasının oyunçusu Cəfər Şahməmmədov bombardirə təqdim olunan mükafata yiyələnib. “Hypers” komandasından isə Anar Ağayev Region Liqasında mövsümün ən yaxşı futbolçusu adına layiq görülüb.

Nəhayət, “Hypers” gümüş medalla, “Şimal” isə qızıl medal və kubokla təltif olunub. Komandalara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov təqdim ediblər.

Region Liqası
Final
24 may

“Şimal” – “Hypers” 1:1 (penaltilər 3:1)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Elşad Abdullayev, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Şamaxı şəhər stadionu. Saat 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: