Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatında 2022/2023 mövsümünün sonuncu – 36-cı turu çərçivəsində “Bazel”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası mövsümün son matçında meydanı məğlubiyyətlə tərk edib – 1:3.
Renat Dadaşov bu görüşün 56-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 8 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib. Əvəzində o, komandasının 90+2-ci dəqiqədə vurduğu yeganə qolun məhsuldar ötürməsinin müəllifi olub.
Beləliklə, “Qrasshopper” 2022/2023 mövsümünü 44 xalla 10 kollektiv arasında 7-ci pillədə başa vurub. Dadaşov isə meydana çıxdığı 34 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə və 11 sarı vərəqə müəllifi olub.
Mövsümün yekunlarına görə 36 oyuna 74 xal toplamış “Yanq Boyz” İsveçrə çempionu olub. 58 xala malik “Servett” mövsümü gümüş, 57 xal toplamış “Luqano” isə bürünc medallarla başa vurub. “Yanq Boyz” və “Servett” İsveçrəni UEFA Çempionlar Liqasında, “Luqano” isə Avropa Liqasında təmsil edəcək. 50 xalla dördüncü olan “Lutsern”, həmçinin 47 xal toplamış və beşinci yeri tutan “Bazel” Avropa Konfrans Liqasında mübarizə aparacaq. Mövsümü 31 xalla sonuncu – onuncu pillədə başa vuran “Sion” elitanı tərk edib.


