Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 20-ci turu çərçivəsində “Servett”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qalib gəliblər – 2:1. 30-cu dəqiqədə məğlub duruma düşən futbolçumuzun komandası 57-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıb. Rəqib qapısına təyin olunmuş penaltini məhz Dadaşov dəqiq zərbə ilə qola çevirib. Lakin bundan cəmi 2 dəqiqə sonra daha bir qol buraxan “Qrasshopper” meydanı xalsız tərk edib.
Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və sonadək mübarizə aparıb.
Cari mövsümdə 8-ci məğlubiyyətini alan “Qrasshopper” hazırda 24 xalla 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.


