Madrid “Real”ı əsas heyətə düşməkdə çətinlik çəkən üç futbolçusunu – Reynier, Marvel və Alvaro Rodriqesi icarəyə göndərib.
Arena.az bu barədə Madrid klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Reynier Jezus Karvalyo “Qranada”ya keçib. Sözügedən klub braziliyalı 22 yaşlı hücumameyilli yarımmüdafiəçini bu mövsümün sonunadək icarəyə götürüb.
“Flamenqo”nun yetirməsi olan Reynier “Real”a 2020-ci ilin yanvarında 30 milyon avro müqabilində keçib. Amma braziliyalı futbolçuya Madrid klubunun əsas komandasında debüt etmək hələ qismət olmayıb. O, “Borussiya” (Dortmund), “Jirona” və “Frozinone” kimi klublarda da icarədə oynamaq məcburiyyətində qalıb.
“Real” mərkəz müdafiəçisi Marveli də “Kordoba”ya icarəyə verib. Tam adı Marvelus Antolin Qarzon olan 21 yaşlı futbolçu da bu mövsümün sonunadək icarədə olacaq.
Futbola “Rayo Valyekano”da başlamış Marvel 2016-cı ildən “Real”dadır. O da hələ əsas komandada debüt şansı qazanmayıb. Əslən Nigeriyadan olan, Mərakeşdə dünyaya göz açmış futbolçunun İspaniya vətəndaşlığı da var. O, bu ölkənin U-19 yığmasında da forma geyinib.
20 yaşlı hücumçu Alvaro Rodriqes isə “Xetafe”yə keçib. La Liqa təmsilçisi də uruqvaylı forvardı cari mövsümün sonunadək heyətinə qatıb.
Alvaro futbola “Jirona”da başlayıb. O, 2020-ci ildən “Real”ın sistemindədir. Əsas komandada 10 oyun keçirməyə fürsət tapmış Rodriqes, 1 qol və 1 məhsuldar ötürmə müəllifi də olub. O, İspaniyanın U-18 və Uruqvayın U-20 yığmalarında çıxış edib.
“Xetafe” argentinalı sol cinah müdafiəçisi Xonatan Silva ilə də yollarını ayırıb. 30 yaşlı futbolçu Cənubi Kiprin “Pafos” klubuna keçib. “Leqanes”, “Estudiantes”, “Sportinq” (Lissabon), “Boka Xuniors”, “Albasete”, “Qraanda”, “Roma” kimi klublarda da oynamış Xonatan Silva “Xetafe”də cəmi 11 oyun keçirib. O, Argentina millisində də 2 oyuna çıxıb.


