Futbol üzrə Braziliya millisinin əfsanəsi oyunçularından olan Rivaldo “Barselona”nın heyətində görmək istədiyi oyunçunu açıqlayıb.
Arena.az veteran futbolçunun bu barədə açıqlamasını təqdim edir:
“Xulian Alvares – əla oyunçudur. Mən isə onu “Barselona”da görmək istərdim. O, şəksiz, əla gücləndirici olacaq”, deyə Rivaldo bildirib.
Xatırladaq ki, Xulian Alvares Argentinanın “River Pleyt” klubunun yetirməsidir. Argentinalı futbolçunun Avropa səfəri “Mançester Siti” ilə başlayıb. 2024-cü ilin avqustunda Madrid “Atletiko”su Xulian Alvaresi 75 milyon avro məbləğ müqabilində “Mançester Siti”dən öz heyətinə qatıb. Alvares “döşəkçilər”lə müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Alvares “Atletiko”nun heyətində meydana çıxdığı 43 oyunda 22 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
Xulian Alvares 2021-ci ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 42 oyuna çıxıb, 11 qol vurub, 2 məhsuldar ötürmə verib. Alvares “albiseleste” ilə 2022-ci ildə dünya çempionatının qalibi olub. O, yığmanın heyətində 2 dəfə Amerika Kubokunu (2020/2021, 2023/2024) də qazanıb. 2021/2022 mövsümündə isə o, yığma ilə Finalissimanın qalibi olub. Argentinalı hücumçu klub futbolundakı titullarının əksərini isə “Mançester Siti” ilə qazanıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğin qiymətləndirir.


