“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin Çempionlar Liqasının pley-of mərhələsinin “Qarabağ”la cavab görüşündən gözləntisini paylaşıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Macarıstan çempionları arasındakı cavab qarşılaşması sabah keçiriləcək.
Robbi Kin bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Növbəti mərhələyə yüksəlmək üçün komanda olaraq səhvlərə yol verməməliyik. Hər bir oyunçu fərdi səhvlərə diqqət etməli və komandamıza kömək etməlidir. İlk matçda adi vəziyyətlərdən qollar buraxdıq. Rəqib bu imkanlardan yaxşı istifadə etdi və qalib gəldi. İndi isə fiziki hazırlığımız yerindədir və oyuna tam motivasiya ilə çıxacağıq.
Təbii ki, bu səviyyəyə çatmaq çox sevindiricidir. Bu komandalar çox güclüdür. Sabahkı oyunda vaxtilə güclü klublarda oynadığım zaman olduğu kimi həyəcanlıyam. Baş məşqçi və sabiq oyunçu olaraq məqsədim hər zaman ən yüksək yerləri tutmaqdır”.
Robbi Kin komandasının Bakıda məşqə çıxmamasına da aydınlıq gətirib:
“Biz həmişə öz stadionumuzda məşq edirik. Bəlkə bəziləri düşünür ki, bütün stadionlar eynidir, amma biz həmişə öz meydanımızda çalışaraq səfərə gedirik və bu, oyunumuza müsbət təsir edir”.
Robbi Kin 1:3 hesablı məğlubiyyətdən sonra geridönüş etməyin mümkünlüyü barədə də danışıb:
“Uzun müddətdir futbol sahəsindəyəm və bilirəm ki, futbolda hər şey mümkündür. “Liverpul”da olarkən 0:3 hesabı ilə geridə olduğumuz halda hesabı bərabərləşdirə bilmişdik. Geridönüş edərək, 3:2, 4:2 hesabı ilə qalib gəldiyimiz hallar da olub. Sabah da hər şey ola bilər. Mən məğlub olmağı sevmirəm. Baş məşqçi olaraq, işimiz komandamızı oyuna maksimum hazır vəziyyətə gətirmək və ən yüksək nəticəni əldə etməkdir”.
“Ferentsvaroş”un müdafiəçisi Toon Raemakers də cavab matçından öncə keçirilən mətbuat konfransında iştirak edib. Belçikalı mərkəz müdafiəçisi Bakıya qələbə üçün gəldiklərini bildirib:
“Komandada əhval-ruhiyyə yaxşıdır, hər şey qaydasındadır. Biz bura yalnız qələbə qazanmaq üçün gəlmişik. İlk matçda bəxtimiz gətirmədi, bəzi səhvlərə yol verdik. Fikrimcə, gözlədiyimiz oyunu tam göstərə bilmədik. Sabah eyni səhvlərə yol verməməyə çalışacağıq”.
“Qarabağ”la “Ferentsvaroş” arasındakı cavab qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:45-də start veriləcək. Komandalar arasındakı ilk oyunda Ağdam klubu 3:1 hesabıyla qalib gəlib.


