Ronaldo və Corcinanın klinikalarında vergi yoxlaması

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo və sevgilisi Corcina Rodrigesin İspaniyadakı klinikalarında vergi yoxlaması aparılacaq.

Arena.az bu barədə “El Confidencial” dərgisinə istinadən məlumat verir ki, yoxlamada məqsəd tibb müəssisələrinin vergidən yayınma amilinə görə təftişidir.

İspaniya Vergi Xidməti Ronaldo və Corcina Rodrigesə məxsus “Insparya Hair Medical Clinic” şəbəkəsinə qarşı iş açıb. İddiaya görə, klinikalar 2019-2021-ci illər arasında ən azı 218 müştəriyə əlavə dəyər vergisinin (ƏDV) yer almadığı qəbzlər təqdim ediblər.

Şirkətin saç əkilməsi xidmətlərini “alopesiya diaqnozu, qarşısının alınması və müalicəsi üçün tibbi xidmətlər” kimi təsnif etdiyi bildirilir. İspaniya qanunlarına görə, tibbi xidmətlər ƏDV-yə cəlb edilmir. Bununla belə, vergi idarəsi hesab edir ki, saç transplantasiyası xidmətləri estetik xüsusiyyət daşıyır və bu xidmətlərdən 21% vergi tutulmalıdır. Həmçinin 2019-2020-ci illərdə hüquqi şəxslərin vergisinin ödənilməsi ilə bağlı araşdırmalara başlanılıb.

Klinikalarda bəzi saç əkimi əməliyyatlarının qiymətinin 4,5 min avro ilə 8,75 min avro arasında dəyişdiyi qeyd edilir.

“İnsparya Hair Medical Clinic” bildirib ki, bütün vergi qanunlarına ciddi əməl edilir. Xüsusilə, şirkət alopesiyanın estetik qüsur deyil, həqiqətən bir xəstəlik olduğunu sübut etmək üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) hesabatını və dermatoloqun müayinəsini təqdim edib.

Kristiano məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: