Səudiyyə Ərəbistanının futbol üzrə “Əl-Nəsr” komandasının Fransadan olan baş məşqçisi Rudi Qarsiya istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldonun da formasını geyindiyi bu klubda baş məşqçi dəyişikliyinin olacağına dair bir neçə gün idi xəbərlər dolaşırdı. Maraqlıdır ki, Qarsiyanın istefasına məhz Ronaldonun səbəb olduğu iddia edilir. Xarici medianına iddiasına görə, ulduz futbolçu baş məşqçidən narazı olduğu üçün klub rəhbərliyindən onun istefasını xahiş edib. Nəticədə klub rəhbərliyi fransız mütəxəssislə yolları ayırmağa qərar verib.
Lakin istefa qərarı açıqlandıqdan sonra Ronaldo da Qarsiya ilə bağlı vida paylaşımı edib. O, sosial şəbəkə hesabında 59 yaşlı mütəxəssislə çalışmaqdan məmnunluğunu ifadə edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Elə Səudiyyə Ərəbistanı klubu da baş məşqçi kimi xidmətlərinə görə Rudiya görə təşəkkür edib, gələcək karyerasının uğurlu alınmasını arzulayıb.
Xatırladaq ki, Rudi Qarsiya 2022-ci ilin iyul ayından “Əl-Nəsr”ə rəhbərlik edirdi. O, bu komandanı 26 oyuna çıxarıb. 18 qələbəyə sevinən mütəxəssis, 5 heç-heçə ilə kifayətlənib, 3 matçda da məğlubiyyətə üzülüb. Qarsiya daha öncə “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Roma”, “Lill”, “Dijon”, “Le Man”, “Sent Etyen” kimi klublarda da baş məşqçi olub.
“Əl-Nəsr” yeni baş məşqçisini də müəyyənləşdirib. Sözügedən komandanı bundan sonra Dinko Yeliçiç çalışdıracaq. Xorvatiyadan olan 49 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır.
Xatırladaq ki, Dinko Yeliçiç də 2022-ci ilin yayından “Əl-Nəsr”də çalışırdı. Lakin o, bu klubun U-19 komandasına rəhbərlik edirdi.
Ronaldo isə bu ilin əvvəlindən “Əl-Nəsr” klubunda çıxış edir. O, bu komandanın heyətində meydana çıxdığı 12 oyunda 11 qol vurub, 2 assistlə yadda qalıb. Portuqaliya yığmasının lideri daha öncə Lissabon “Sportinq”ində, Madrid “Real”ında, “Mançester Yunayted” və “Yuventus” kimi klublarda da forma geyinib.
“Əl-Nəsr” bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 23 turdan sonra 53 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Sözügedən kollektiv lider “Əl-İttihad”dan 3 xal geri qalır.


