Rüfət Quliyev “Araz Saatlı”nın baş məşqçisi təyin olundu

Futbol üzrə Azərbaycan yığmasının keçmiş futbolçusu Rüfət Quliyev “Araz Saatlı” komandasının yeni baş məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu gün kollektivə təqdim olunan təcrübəli mütəxəssis futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Qarabağ”, “ANS-Pivani” kimi klublarda çıxış edib. Quliyev İranda “İstiqlal” və “Sanat-Naft” klublarında legioner həyatı yaşayıb. O, “Turan”la Azərbaycan, “İstiqlal”la İran çempionu titullarını qazanıb. UEFA A kateqoriyalı mütəxəssis, baş məşqçi kimi “Ağsu”nu çalışdırması ilə tanınıb. O, 2012-2019-cu illər aralığında “Ağsu” ilə Birinci Divizonda bir dəfə 1-ci, bir dəfə 2-ci, iki dəfə üçüncü yeri tutub.

Rüfət Quliyevlə müqavilə bu mövsümün sonuna qədər nəzərdə tutulub. O, oktyabrın 19-da Saatlı OİK Stadionunda “Ağsu”ya qarşı oyunda debüt edəcək. Bu oyuna saat 15:00-da start veriləcək.

Xatırladaq ki, Rüfət Quliyev “Araz Saatlı”nın baş məşqçisi postunda Şəhriyar Məmmədovu əvəz edib. O, ötən gün öz istəyi ilə komandadan ayrılıb.

“Araz Saatlı” Birinci Liqanın cari mövsümünə çox pis başlayıb. Komanda geridə qalan 4 turda məğlubiyyətləri sıralayıb. İlk turda “İmişli”yə doğma meydanda 0:3 hesabıyla uduzan Saatlı təmsilçisi səfərdə “Şamaxı”ya 8 cavabsız qolla məğlub olmuşdu. 3-cü turda “Mingəçevir”lə ev oyunundan 0:2 hesablı məğlubiyyətlə ayrılan “Araz Saatlı” son olaraq səfərdə “İrəvan”a 0:7 hesabıyla uduzub. Xal hesabını aça bilməyən komanda hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: