Ruslan Abışov AFFA tərəfindən təltif olundu

Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurmuş Ruslan Abışov təltif edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Veteran futbolçu AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutmuş İsveçlə oyundan öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi. Bu gün AFFA-nın baş katibi Sərxan Hacıyev milli komandamızın sabiq üzvü ilə görüşərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, Ruslan Abışov ötən ay – oktyabrın 25-də futbolçu karyerasını bitirdiyini elan edib. O, 2021-ci ilin iyul ayından formasını geyindiyi “Zirə”dən bu ilin iyun ayında azad agent kimi ayrılmışdı və karyerasını bitirəcəyi gözlənilən idi. Sadəcə, müdafiəçi yekun qərarını bir qədər gec açıqlamışdı.

Abışov karyerası ərzində “Neftçi” (107 oyun, 12 qol, 1 assist), “Qəbələ” (48 oyun, 4 qol), “Xəzər Lənkəran” (21 oyun, 2 qol, 1 assist), “Sabah” (13 oyun), “İnter” (indiki “Şamaxı”, 12 oyun, 5 qol, 1 assist) kimi klublarda da forma geyinib. O, Rusiyada legioner həyatı da yaşayıb. Millimizin sabiq üzvü Kazan təmsilçisi “Rubin”də 6 oyun keçirib.

Abışov Azərbaycan milli komandasında da 59 oyun keçirib, 4 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: