Rusiyanın “Rodina” komandasında çıxış edən Ruslan Fişenko Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşır.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun idman direktoru Aleksey Zinin yerli mətbuata açıqlamasında məlumat verib.
O, məsələni 23 yaşlı yarımmüdafiəçi ilə müzakirə etdiklərini bildirib: “AFFA həqiqətən belə bir təkliflə ona müraciət edib. Futbolçu bu barədə dərhal bizə məlumat verdi. Bu, Fişenkonun şəxsi qərarıdır. Düşünürəm ki, tələsməyəcək. Bir-iki həftədən sonra yenidən bu mövzuya qayıdacağıq”.
Aleksey Zinin oyunçunun seçiminə hörmətlə yanaşacaqlarını söyləyib: “Bu, onun həyatı və şəxsi prioritetləridir. Fişenko Azərbaycan vətəndaşlığını qəbul etsə, “Rodina”dan göndərilməyəcək. Bu barədə söhbət belə getmir”.
Xatırladaq ki, Ruslan Fişenko daha öncə ÇSKA-nın akademiyasında, “Rostov”da futbolun sirlərinə yiyələnib. O, peşəkar karyerasına 2019-cu ildə Moskva “Veles”ində başlayıb və burada 55 oyuna 5 məhsuldar ötürmə ilə yadda qalıb. 2021-ci ilin yayında “Ufa”ya üz tutan mərkəz yarımmüdafiəçisi Başqırdıstan təmsilçisində 52 oyun keçirib. Ruslan bu ilin yanvarından “Rodina”da çıxış edir. Yarımmüdafiəçi Moskva təmsilçisində 15 oyun keçirib, 1 assistlə yadda qalıb.
Sonda onu da xatırladaq ki, Ruslanın atası İlqar azərbaycanlıdır. Məhz bu üzdən AFFA onu milliləşdirərək Azərbaycan yığmasına cəlb etməkdə maraqlıdır.


