“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqasının 21-ci turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qəbələ səfərinin çətin olacağını və rəqibin yaxşı formada olduğunu bilirdik. Rəqib ilk dördlükdədir və sərgilədikləri oyun göz önündədir. Matça yaxşı hazırlaşmışdıq. Biz də məğlub olmaq istəmirdik. İlk hissə görüşə nəzarət bizdə idi, hesabı da açdıq. Sadəcə, ikinci yarının əvvəlində tez qol buraxdıq. Bundan sonra oyun aqressivləşdi və 10 nəfərlə qaldıq. 40 dəqiqə “Qəbələ”yə qarşı 10 nəfərlə oynamaq çox çətindir. Futbolçular əziyyət çəkdilər, səfərdən 1 xalla qayıdırıq. Artıq növbəti oyunlara hazırlaşacağıq”.
Sənan Qurbanov hakimlikdən narazı qaldığını da bildirib: “Qarşılaşmanı idarə edən Fərid Hacıyev gənc hakimdir. Biz də istəyirik ki, referilərimiz inkişaf etsinlər. Amma ikinci hissədə cərimələr və vərəqələr bizim komandanın əleyhinə verilirdi. Qırmızı vərəqə epizoduna da baxmaq lazımdır. “Qəbələ”nin oyununa kölgə salmaq istəmirəm. Xırda “foul”lara görə aqressivləşdik. Sadəcə, qırmızı vərəqəyə soyuq başla baxmalıyıq. Orada qırmızı vərəqə yoxdursa, əlbəttə ki, nəticəyə təsir edib”.
Elmar Baxşıyev: “Bu, bizə təsir edir”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev isə doğma meydandakı xal itkisi ilə bağlı bunları söyləyib:
“Oyunun belə ağır keçəcəyini öncədən bilirdik. Həm də çox erkən oynayırdıq. Hər iki komanda üçün ağır idi. Biz meydandan kənarda dayansaq da, istini hiss edirdik. Ümid edirəm ki, qarşıdakı matçlarda bunu nəzərə alarlar. Oyun vaxtı da futbolçulara uyğun təyin edilər. Futbolçular da insandır. Onlara da çətindir. Mən kənarda belə kölgə axtarırdımsa, görün meydançadakılar necə əziyyət çəkirdilər. Yəqin ki, növbəti matçlarda nəzərə alınar.
Oyuna gəlincə, iki fərqli hissə izlədik. İlk yarıda “Keşlə” daha çox üstünlüyə sahib idi. İkinci hissədə komandamız tempi artıra bildi və çoxsaylı epizodlar yaratdıq. Təəssüflər olsun ki, yararlana bilmədik.
Ümumi götürəndə komandanın durumundan razıyam. İnanıram ki, zədəli və cəzalı futbolçular komandaya qoşulandan sonra daha da optimal heyətə sahib çıxacağıq. Ümumilikdə, optimal heyətlə oynamırıq. Bir matçda İsnik Alimi, digərində Ruan Renato olmur. Fernan Lopes də yox idi. Bu, bizə təsir edir. Digər komandalara təsir etməyə bilər. Çünki ehtiyat futbolçuları çoxdur. Bizim üçün hər oyunçu dəyərdir.
Qara zolaqda olduğumuzu düşünürsüzsə, oyun ərzində 10 epizod yaradan komanda bu durumda ola bilməz. Hansısa konsentrasiyanın itməsi üzündən epizodları dəyərləndirməkdə çətinlik çəkirik. Komanda olaraq futbolçuların yanaşnması məni qane edir. İnanıram ki, daha artığını edə biləcək gücdəyik”.


