Vaxtilə “Qəbələ” və “Keşlə”ni Azərbaycan Kubokunun qalibi etmiş Sənan Qurbanov bundan sonra “Neftçi”də çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında “Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub. Təcrübəli mütəxəssis Sənan Qurbanov köməkçi məşqçi təyin edilib. Onunla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb. 2018-ci ilədək “Qəbələ”də məşqçi, 2018-2019-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış 43 yaşlı mütəxəssis 2021-2022 illərdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə “Qəbələ”yə, 2020/21-də isə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.
Qeyd edək ki, baş məşqçi Adrian Mutunun digər köməkçilərinin hamısı əcnəbilərdir.
“Neftçi”nin məşqçilər korpusunun üzvlərini bir daha xatırladırıq:
Köməkçi məşqçi – Alin-Nikolaye Çita
Analitik məşqçi – Aurelian-Boqdan Patraşku
Fiziki hazırlıq üzrə məşqçi – Miodraq Todorov
Qapıçılar üzrə məşqçi – Mihai-Qavril Nedeban


