Sərtan Taşkın “Turan Tovuz”dan ayrıldı, Türkiyə klubuna keçdi

Futbol üzrə Azərbaycan milli komandasının sağ cinah müdafiəçisi Sərtan Taşkın “Turan Tovuz” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonra Türkiyə Birinci Liqasında çıxış edəcək.

O, karyerasını “Manisa” klubunda davam etdirəcək. Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Sərtan Taşkınla “Turan Tovuz” arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tükiyənin “Manisa” klubuna keçən Sərtan Taşkına göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Sərtanın “Turan Tovuz”la 2025-ci ilin 30 iyununa kimi müqaviləsi vardı. Bu üzdən də “Manisa” onun transferi üçün Tovuz klubuna təzminat ödəyib. Həmin məbləğ hələlik açıqlanmır.

Sonradan “Keşlə”yə çevrilən “İnter”in yetirməsi olan Taşkın “Sumqayıt” və “Zirə”də çıxış etdikdən sonra cari mövsümün əvvəlində “Turan Tovuz”a gəlmişdi. O, bu komandada 18 oyuna çıxıb və 1 qol vurub. Müdafiəçi Azərbaycan milli komandasında da 2 oyun keçirib.

Sərtan Taşkın manisalılarla ilyarımlıq müqavilə bağlayacaq. Bu komanda hazırda 18 komandanın çıxış etdiyi TFF Birinci Liqada 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Türkiyə Birinci Liqasında Coşqun Diniyev, Bəxtiyar Həsənalızadə, Vüsal İsgəndərli kimi milli üzvləri də çıxış edir. Ramil Şeydayevin də tezliklə “Kocaelispor”a transferi gözlənlir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: