Sərxan Əliyev və Məhəmməd Abdullayev 1/8 finalda!

Azərbaycanın iki boksçusu – Sərxan Əliyev və Məhəmməd Abdullayev Polşada keçirilən 3-cü Avropa Oyunlarına qələbə ilə başlayıb.

Arena.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan Sərxan Əliyev 1/16 final çərçivəsində Mixal Takacsla (Slovakiya) üz-üzə gəlib.

Döyüş Əliyevin qələbəsi ilə başa çatıb. Hər 3 raundu aktivinə yazan dünya çempionatının mükafatçısı yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb.

O, 1/8 finalda latviyalı Martins Blumentalsla döyüşəcək. Görüş iyunun 27-də baş tutacaq.

+92 kq çəkidə mübarizə aparan dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev isə 1/16 finalda Uğur Aydemirlə (Türkiyə) qarşılaşıb. Döyüşdə ilk raundu rəqib qazansa da, Abdullayev növbəti hissədən təşəbbüsü ələ alıb. İkinci raundda üstün olan boksçumuz üçüncü hissədə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

Abdullayev 1/8 finalda ilk mərhələdən azad olan gürcüstanlı Nikolos Beqadze ilə döyüşəcək. Görüş iyunun 27-də olacaq.

Bu gün rinqə çıxan Azərbaycan millisinin daha bir üzvü – Malik Həsənov (63,5 kq) isə uğur qazana bilməyib. Birinci döyüşündə polşalı Bartolomey Roskoviçə qalib gələn idmançımız 1/8 finalda Din Klinsi (İrlandiya) ilə qüvvəsini sınayıb. Görüş rəqibin 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) qələbəsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: