Sərxan Hacıyev: “Sonuncu olan Premyer Liqanı tərk edəcək”

AFFA-nın baş katibi Sərxan Hacıyev bu gün jurnalistlərin Gəncə Futbol Akademiyasına media turu çərçivəsində brifinq keçirib.

Arena.az xəbər verir ki, o, əvvəlcə yeni istifadəyə verilmiş Gəncə Futbol Akademiyası barədə media əhlini məlumatlandırıb, həmçinin əlavə suallara cavab verib:

  • Gəncə Futbol Akademiyası AFFA, FIFA və UEFA-nın dəstəyi ilə tikilib. Azərbaycanda ən böyük futbol bazasıdır. Düşünürük ki, bura fəaliyyətə başladıqdan sonra ölkə futboluna müsbət töhfəsini verəcək. Ərazidə 2 təbii, 1 süni məşq meydançası inşa olunub. Həmçinin, Gəncə şəhərində əlavə olaraq son illərdə 2 mini meydança salınıb.
  • Oyun alqı-satqısı ilə bağlı məsələ nə yerdədir? Günahkarlar nə vaxt cəzalandırılacaqlar?
  • Hazırda bu məsələ ətrafında tamamlama işləri gedir. Yaxın günlərdə bu məsələyə dair konkret qərarlar veriləcək.
  • Premyer Liqa klubları arasında adı danışılmış oyunlarda hallananlar var?
  • Bu siyahıda yer alanlar ancaq Birinci və İkinci Liqa klublarıdır.
  • Aprelin 2-də yeni AFFA-da yeni prezidenti seçkiləri keçiriləcək. Sərxan Hacıyev yeni komandada təmsil olunacaq?
  • Baş katibin təyinatı prezidentin tövsiyəsi və İcraiyyə Komitəsinin qərarı ilə olur. Hazırda bu məsələ ilə bağlı dəqiq qərar yoxdur.
  • Dünən “Qarabağ”ın oyununu yaqin ki, izlədiniz. Hansı hissləri keçirdiniz?
  • Dünən keçirdiyimiz hisləri sözlə ifadə etmək çətindir. “Qarabağ” bir mövsüm ərzində Avropada iki böyük tarix yazdı. Komandamız 1/16 və 1/8 finala vəsiqə qazanmaqla buna nail oldu. Fürsətdən istifadə edib komandanı təbrik edirik. Dünənki oyunda rəqibin gücünü də nəzərə alsaq, deyə bilərik ki, bu, qələbəyə bərabər məğlubiyyət idi.

AFFA yeni akademiya yaradacaq

  • Elxan Məmmədovun vaxtında İsmayıllıda 2 meydança tikilməli idi. Biri inşa olundu, digərinin yeri də bəlli idi, amma inşa edilməyib. O məsələ ilə bağlı hər hansı yenilik var?
  • Belə bir layihə var idi. Söhbət mini meydançadan gedir. Bundan başqa layihə var idi ki, müxtəlif bölgələrdə meydançalar salınacaq. Amma daxili məsələlərə görə bu işlər dayandırıldı. Layihəni yenidən bərpa etmək olar. Sadəcə, buna zaman lazımdır.
  • Mövsümün sonunda Premyer Liqada komanda sayı artırılacaq? Həmçinin idman prinsipləri mövsümün sonunda qorunacaq?
  • Sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. İdman prinsipləri mütləq şəkildə qorunacaq. Birinci Liqada qalib komanda Premyer Liqaya vəsiqə qazanacaq. Növbəti mövsüm üçün komanda sayının artması hazırda müzakirə mövzusu deyil.
  • Millinin baş məşqçisi barədə hansısa yeni xəbər yoxdur? Hələ də yerli məşqçinin axtarışı gedir?
  • Bu suala cavab vermək üçün zamana ehtiyac var. Məsələ ilə bağlı İşçi Qrupu yaradılıb və fikir mübadiləsi aparılır. Baş məşqçi hansı kriteriyalara cavab verməlidir, onun müzakirəsi gedir.
  • Son günlər AFFA-nın prezidentinin kim olacağı ilə bağlı iddialar səslənir. Bəziləri Rövşən Nəcəfin prezident olacağını deyir. Bu barədə nə deyə bilərsiniz?
  • Rəsmi məlumat yoxdur. Nizamnaməyə uyğun olaraq, prosedur aparılır. Bu işlərin məxfiliyini qorumalıyıq. Onu qeyd edə bilərəm ki, bu məsələ ilə bağlı rəsmi qaydada kimsə müraciət etməyib. Konfransa 10 gün qalmış kabitbliyə bu barədə müraciət olunmalıdır.
  • Böyük ehtimalla “Qəbələ” Birinci Liqaya düşəcək. Klubun yaxşı infrastrukturu var. Onu saxlamaq çətin olacaq, çünki ayrılan maliyyə azalacaq. Bu barədə fikirləriniz nədir?
  • Qəbələdəki infrastruktur ən böyük bazalardan biridir. Bu barədə söz demək çətindir.
  • Klublar bəzən hakimliklə bağlı şikayət edirlər. Bu yöndə fikirləriniz nədir?
  • Müəyyən müsbət məqamlar var. Bir sıra oyunlarda VAR-ın müdaxiləsindən sonra düzgün qərarlar verilir. Bəzən səhv qərarlar da olur. Qeyd edim ki, yaxın gələcəkdə yeni akademiya açılacaq. Bunda əsas məqsəd daha çox gənc hakimlərin yetişdirilməsidir.

Nahid Ustaclı

Xəbəri sosial şəbəkələrdə paylaş: