“Sabah” “Sankt Pauli” ilə yoxlama oyunu keçirəcək

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibinin adını açıqlayıb.

Arena.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı komanda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt Pauli” ilə qarşılaşacaq.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bu komandalar arasındakı görüş iyulun 15-də İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00) start veriləcək.

Avstriya toplanışına iyulun 6-dan start vermiş “Sabah” hazırlıq çərçivəsində ilk yoxlama oyununu Qətərin “Əl-Sədd” klubuna qarşı keçirib. Paytaxt təmsilçisi həmin oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. Komanda Avstriyada daha bir sınaq matçına çıxacaq. Amma sonuncu rəqibin adına hələ aydınlıq gəlməyib. Avstriya toplanışı iyulun 20-nə qədər davam edəcək.

“Sabah” bu mövsüm tarixində ilk dəfə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Paytaxt klubu bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bakılılar bu mərhələdə “Makedoniya” (Skopye, Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk oyununu səfərdə keçirəcək.

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: