Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı komanda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt Pauli” ilə qarşılaşıb.
Bu komandalar arasındakı görüş İtaliyanın San Martino in Passiriya qəsəbəsində, AFC idman kompleksinin stadionunda baş tutub. Qarşılaşma Bakı təmsilçisi üçün uğursuz alınıb. Azərbaycan klubu 1:4 hesablı məğlubiyyətə üzülüb. Bakılıların yeganə qolunu 57-ci dəqiqədə Coy Lens Mikels vurub.
Xatırladaq ki, Avstriya toplanışına iyulun 6-dan start vermiş “Sabah” hazırlıq çərçivəsində ilk yoxlama oyununu Qətərin “Əl-Sədd” klubuna qarşı keçirib. Paytaxt təmsilçisi həmin oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Komanda Avstriyada daha bir sınaq matçına çıxacaq. Amma sonuncu rəqibin adına hələ aydınlıq gəlməyib. Avstriya toplanışı iyulun 20-nə qədər davam edəcək.
“Sabah” bu mövsüm tarixində ilk dəfə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Paytaxt klubu bu turnirin 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bakılılar bu mərhələdə “Makedoniya” (Skopye, Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk oyununu səfərdə keçirəcək.
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab matçları isə avqustun 3-də baş tutacaq.
Sonda onu da xatırladaq ki, baş məşqçi Murad Musayev komandasını “Sankt Pauli” ilə oyuna bu heyətlə buraxıb:
Əsas heyət: 12. Yusif İmanov, 3. Con İrasabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 20. Coy Lens-Mikels, 77. Namiq Ələsgərov, 19. Emmanuel Apeh.
Ehtiyat oyunçular: Rüstəm Samiqullin, Camal Cəfərov, Kristian Da Silva, Vensan Till, Şakir Seyidov, Seymur Məmmədov, Rəhman Daşdəmirov, Davit Volkov, Higor Qabriel, Ceyhun Nuriyev, İldar Ələkbərov, Tellur Mütəllimov, Əhməd Tarverdiyev.


