Ötən gün avrokuboklarda debüt matçına çıxan “Sabah” komandası ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb.
Arena.az xəbər verir ki, Bakı klubu Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviya təmsilçisi RFS-i səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.
“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 bal əlavə olunub. Bununla Azərbaycanın cari mövsümdəki ümumi qazancı 0,750-yə çatıb.
Ötən gecə avrokuboklarda növbəti matçına çıxan “Qarabağ” isə bu dəfə ümidləri doğrulda bilməyib. Ağdam klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3), ölkəmizə xal qazandıra bilməyib. Halbuki, bu mövsüm keçirdiyi ilk iki oyunundan qalib ayrılan Qurban Qurbanovun komandası buna qədər 0,500 bal əldə etmişdi.
Hazırda Azərbaycanın son 5 mövsümdəki ümumi qazancı 15,000 baldır. Ölkəmiz reytinq cədvəlində 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniyanın 16,000 reytinq balı var.
Xatırladaq ki, Azərbaycanı avrokuboklarda təmsil edəcək digər klublar – “Qəbələ” və “Neftçi” də bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. “Qəbələ” evdə Kipr “Omoniya”sı, “Neftçi” isə səfərdə Bosniya və Herseqovina “Jelezniçar”ı ilə üz-üzə gələcək.
Reytinq cədvəlinə İngiltərə (88,928) başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,552) dördüncü, Fransa (51,914) isə altıncıdır. Fransızlar Niderlandı (52,100) özlərindən önə buraxıblar. Türkiyə isə 26,975 balla 13-cü sırada qərarlaşıb.


