“Sabah” yay təlim-məşq toplanışı üçün planını açıqladı

Futbol üzrə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun sonuncu qalibi “Sabah”ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-nə qədər davam edəcək.

Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Lakin rəqiblərin kimliyi hələlik tam dəqiqləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.

Xatırladaq ki, “Sabah” ilk dəfə Azərbaycan çempionu olmaqla bərabər ölkəmizi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. “Bayquşlar” ÇL-də mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaqlar. Bu mərhələnin püşkü iyunun 16-da atılacaq. İlk oyunlar 7-8 iyulda, cavab görüşləri 14-15 iyulda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: